Rəqəmsallaşma borclanmanı artırıb - Hesabat sorğusu

11:05 - 3.03.2025


3 mart, Fineko/abc.az. Xəbər verdiyimiz kimi, Azərbaycan Mərkəzi Bankının Kreditləşmə fəaliyyəti və maliyyələşmə mənbələrinə dair apardığı sorğunun nəticələrinə əsasən, bankların istehlak kreditləri üzrə artım dinamikasının növbəti rübdə də davam edəcəyi açıqlanıb.

ABC.AZ-ın məlumatına görə, bu artımın əsas səbəbi rəqəmsallaşmanın geniş yayılmasıdır.

Sorğunun 2024-cü ilin dördüncü rübü üzrə nəticələrinə əsasən, bankların 85%-i əhalinin borclanma səviyyəsində ciddi dəyişiklik olmadığını bildirərkən, 15%-i müəyyən artımın müşahidə olunduğunu qeyd edib.

Nəticədə, borclanma səviyyəsini əks etdirən diffuziya indeksi 11%-ə bərabər olub ki, bu da kredit götürənlərin sayının artmaqda davam etdiyini göstərir.

Mərkəzi Bankın yanvar ayına olan göstəricilərinə görə, Azərbaycanda istehlak kreditlərinin ümumi həcmi 8 milyard 551.7 milyon manat təşkil edir. İpoteka kreditlərinin həcmi isə 4 milyard 253.1 milyon manata çatıb. Bu, illik müvafiq olaraq 22% və 17% artım deməkdir.