İran və İraq Şalamçe-Bəsrə dəmir yolunda sərhəd terminalı tikəcəklər

14:36 - 21.10.2024


21 oktyabr, Fineko/abc.az. İran və İraq dəmir yollarının nümayəndələri Şalamçe-Bəsrə dəmir yolu ilə tanışlıq səfəri zamanı İranın Ərvand azad iqtisadi zonasında danışıqlar apardılar və Şalamçe-Bəsrə dəmir yolunda Şalamçe sərhəd terminalının inşası barədə razılığa gəldilər.

ABC.AZ xəbər verir ki, razılaşmaya əsasən, ilk mərhələdə lazımi torpaq İran İslam Respublikası Dəmir Yolu şirkətinə (RAI) verildi və podratçının sərhəd terminalının istismarına ən qısa müddətdə başlaması qərara alındı.

2012-ci ildə İran və İraq, Şalamche-Bəsrə dəmir yolunun inşası ilə bağlı anlaşma memorandumu (MOU) imzaladılar, lakin memorandum reallaşmadı.

Üç il sonra Tehran və Bağdad arasında bu dəmir yolunun inşası ilə bağlı başqa bir əməkdaşlıq müqaviləsi imzalandı və buna əsasən İran Ərvand çayı üzərində bir körpü layihələndirməyi və inşa etməyi öhdəsinə götürdü. İraq tərəfi isə, Şalamçe sərhədindən İraq ərazisindəki Bəsrə dəmir yolu stansiyasına qədər 32 kilometrlik dəmir yolu inşa etməyi öhdəsinə götürmüşdü.