17:33 - 4.07.2024
4 iyul, Fineko/abc.az. Pakistan Azərbaycana təqdim etmək üçün 2-3 milyard ABŞ dolları dəyərində investisiya portfeli hazırlayıb.
ABC.AZ xəbər verir ki, bu barədə Pakistan KİV-ləri məlumat yayıb.
“Pakistan Azərbaycanla əlaqələrinə böyük əhəmiyyət verir. Turizm, nəqliyyat, enerji təhlükəsizliyi və müdafiə sahələri daxil olmaqla müxtəlif sektorlarda əməkdaşlığımızın inkişafını davam etdirməliyik. Doğrudur, bunun üçün əlavə səylərə ehtiyac var”, - Pakistanın ticarət naziri Cam Kamal Xan İslamabadda Azərbaycanın xarici işlər nazirinin müavini Samir Şərifovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə keçirdiyi görüşdə deyib.
O, həmçinin Preferensial Ticarət Sazişi (PTA) və İkitərəfli Tranzit Ticarət Sazişinin (BTTA) tez bir zamanda imzalanmasının zəruriliyini vurğulayıb.
Pakistanlı nazir B2B formatında görüşlərin keçirilməsini təklif edib:
“Bu görüşlər istər Pakistanda, istərsə də Azərbaycanda baş tuta bilər. Pakistanla Azərbaycan ikitərəfli ticarət və əməkdaşlığın monitorinqini təkmilləşdirmək üçün uzunmüddətli və praktiki mexanizmin yaradılmasının zəruriliyi barədə razılığa gəliblər”.