İranda 32 neft layihəsi istifadəyə veriləcək

10:36 - 31.05.2024


31 may, Fineko/abc.az. İranda neft sənayesində ümumi investisiya həcmi 4,6 milyard dollar olan 32 layihə başa çatıb və tezliklə işə düşəcək.

ABC.AZ xəbər verir ki, bunu İranın neft naziri Cavad Oci deyib.

O, həmçinin qeyd edib ki, son 33 ay ərzində ölkədə 132-ə yaxın tamamlanmamış layihə başa çatdırılıb və istismara verilib, ümumi investisiya həcmi 28,5 milyard dollar təşkil edib. Neft sənayesində dəyər zəncirinin tamamlanması üçün dəyəri 50 milyard dollardan çox olan 50 yeni layihənin icrasına başlanılıb.

İranda neft hasilatı 2021-ci ilin avqustunda hazırkı hökumətin fəaliyyətə başlamasından etibarən 60% artıb.

Əvvəlki İran təqvim ilində 1402 (21 mart 2023 - 19 mart 2024), İran neft və qaz hasilatında 20% artım qeyd edib. Bu il hasilatın daha da artacağı gözlənilir.