Azərbaycanda çörək və un məmulatlarına tələb azalıb

10:33 - 24.04.2024


24 aprel, Fineko/abc.az. Azərbaycanda əhalinin istehlak səbətində əsas yeri tutan un və çörək məhsullarının həcmi bir qədər də azalıb.

ABC.AZ xəbər verir ki, 2024-cü ilin ilk rübündə 262.1 min ton çörək istehsal edilib. Bu da illik müqayisədə 8.2 faiz azalmadır. Azalma həmçinin buğda ununda da müşahidə edilir.

Məsələn, 2023-cü ilin birinci rübündə 391.07 min ton buğda unu istehsal edildiyi halda, bu 2024-cü ildə azlaraq 365.38 min tona düşüb. Bu da 6.5 faiz azalmadır.

Unlu qənnadı məhsullarının istehsalı illik 0.2 faiz azalaraq 18.1 min tona qədər azalıb.

Əhalinin artımına rəğmən, ölkədə buğda məhsulları və çörəyin istehsalı azalmaqdadır. Məsələn, Dövlət Statistika Komitəsinin məlumatına görə, 2023-cü ildə unun istehsal həcmi illik müqayisədə 2.6 faiz azaldaraq 1 mln. 328.75 min tona, çörək isə 3.1 faiz azalaraq 1 mln. 207.15 min tona düşmüşdü.