Bu qoyun cinsinin qiyməti 1500 manatdır

14:02 - 13.03.2024


13 mart, Fineko/abc.az. Azərbaycanda bir çox qoyun cinsləri olsa da, son illər fermerlər “Qaradolaq” cinsinə daha çox üstünlük verirlər. Qarabağ bölgəsində, Ağcabədi rayonunun Qaradolaq kəndində yaranan bu cins qoyunlara hazırda respublikanın bütün bölgələrində rast gəlmək mümkündür.

ABC.AZ xəbər verir ki, Ağcabədi Dövlət Aqrar İnkişaf Mərkəzinin heyvandarlıq sektorunun müdiri Etibar Mamedov bildirib ki, Ağcabədi rayonunda biri “Qarabağ”, digəri “Qaradolaq” olmaqla iki damazlıq qoyunçuluq təsərrüfatı var.

Hər iki cins qoyunlar Qarabağda yaranıb. “Qaradolaq” cins qoyunlar caydaq və çəkisinin ağırlığına görə “Qarabağ” qoyunlarından fərqlənir. Bu qoyunların başı kiçik, ayaqları və boynu uzundur. Boğazı, qarnı və ayaqları qısa tüklərlə örtülü olur.

“Bu qoyunlar ət və bala veriminə görə digər cinslərdən daha üstündür. Təsərrüfatımızda elə qoçlar var ki, 100 kiloqram əti var. Ana qoyunlar içərisində əkiz və üçəm doğanlar çoxdur. Hər 100 qoyundan 120-130 bala alırıq. Bir ildə 2, 3, bəzən 4 bala verən qoyunlarımız var. Gərək zəhmət çəkəsən. Azərbaycanda bir çox qoyun cinsləri var. Həm ətinin çox və dadlı olmasına, həm də balavermə qabiliyyətinə görə ən üstün sort “Qaradolaq”dır. Odur ki, digər bölgələrdən qoyunçuluqla məşğul olan fermerlər bu qoyunları damazlıq kimi alıb aparırlar”, - deyə təsərrüfat sahibi bildirib.

Yusif Əsədov damazlıq kimi satılan qoyunların qiymətini də açıqlayıb: “Hər yerdən gəlib damazlıq qoyun istəyirlər. Yaşlısını da, cavanını da, toğlunu da, qoçu da alırlar. Qiymətlər də buna görə dəyişir. Yaşlı qoyunu 350-400 manata, cavanları 600-700 manata veririk. Əgər alan özü seçirsə, 1500 manata verirəm”.