"Mygov" platformasının yeni versiyası istifadəyə veriləcək

16:28 - 11.03.2024


11 mart, Fineko/abc.az. İKT sahəsinin inkişafı məqsədilə bu il İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi tərəfindən beynəlxalq məktəblərin Azərbaycana gətirilməsi planlaşdırılır.

ABC.AZ xəbər veir ki, bu barədə İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (İRİA) sədri İnarə Vəliyeva jurnalistlərə açıqlamasında deyib.

Ötən il Holberton Məktəbi, ondan öncəki il isə Technion universiteti ilə razılaşma əldə edilib.

Bu il isə əlavə iki beynəlxalq İT məktəbin Azərbaycana gətirilməsi planlaşdırılır.

“Bu il isə əlavə iki beynəlxalq İT məktəbin Azərbaycana gətirilməsi, Azərbaycan Kibertəhlükəsizlik Mərkəzinin genişləndirilməsi nəzərdə tutulub. Yəni daha çox insana məşğələlər keçiriləcək. Həmçinin 2023-cü ildə yaradılmış yerli kibertəhlükəsizlik məhsulunun üzərində işlərin tamamlanması və yerli şirkətlərə təqdim olunması planlaşdırılır. Bu, Azərbaycan üçün çox böyük irəliləyişdir. Çünki kibertəhlükəsizlik məhsulunun yaradılması kifayət qədər çətindir. İnnovasiya ekosistemində digər məsələ yeni startapların yaradılmasıdır. Biz birbaşa startapların özünə dəstək vermirik, ekosistemi inkişaf etdiririk, mühiti yaradırıq, xaricdən Azərbaycana inkubatorlar, akseleratorlar gətiririk. Yerli inkubator, akselerator proqramlarına dəstək oluruq. Hazırda Azərbaycanda 220 startap var, ancaq onlardan minimum 120-130-nun işlək məhsulu var. Bu o deməkdir, onların məhsulu və satışı var. Qalanların çoxu universitet tələbələridir və onların startapları ideya mərhələsindədir. Ancaq onlar beynəlxalq reytinqlərdə startap kimi qəbul olunmur. İnvestisiya ekosisteminim inkişaf etdirilməsi də bizim üçün prioritetlərdən biridir. Eyni zamanda, mələk investorlar klublarının sayının artması və orda olan investorların aktivləşdirilməsi bizim üçün vacibdir. Hazırda "Caucasus" vençur fond fəaliyyət göstərir. Bu il ikinci fondun yaradılması üzərində iş gedir. Azərbaycanda xarici və regional fondların açılması, bizim də oraya investor kimi qoşulmağımız planlaşdırılır", - deyə agentliyin sədri bildirib.

İnarə Vəliyeva qeyd edib ki, 2024-cü ildə olan ən prioritet məsələlərdən biri də bir sıra qanunvericilik aktlarının qəbul olunmasıdır ki, bu, ümumi rəqəmsallaşmanın sürətini artıracaq, rəqəmsallaşmanın hansı şəkildə baş verməsini müəyyən edən standartlar tətbiq edəcək: ““MyGov” platformasının aprel ayında işə düşməsi planlaşdırılır. Ümid edirik ki, Milli Məclisin yaz sessiyasında bu məsələlərə baxılacaq" , - deyə İ.Vəliyeva vurğulayıb.