İşğalçılar uzun illər kənd təsərrüfatı torpaqlarını döyüş poliqonuna çevirib- Nazir

11:41 - 4.11.2023


4 noyabr, Fineko/abc.az. Xəbər verdiyimiz kimi, azad olunmuş ərazilərdə kənd təsərrüfatı təyinatlı torpaqlar minalardan təmizlənir.

ABC.AZ Report-a istinadən xəbər verir ki, bunu kənd təsərrüfatı naziri Məcnun Məmmədov deyib.

O qeyd edib ki, bu ərazilərdə mina ilə çirklənmə o dərəcədə yüksəkdir ki, bütün təhlükəsizlik tədbirlərinə baxmayaraq hadisələr qaçılmaz olur.

ANAMA-nın məlumatına əsasən işğaldan azad edilmiş ərazilərdə kənd təsərrüfatı fəaliyyətləri zamanı indiyədək 10 mina partlaması hadisəsi baş verib, nəticədə 8 nəfər xəsarət alıb, 7 nəfər isə həyatını itirib. 6 ədəd kənd təsərrüfatı texnikası yararsız hala düşərək sıradan çıxıb", - M. Məmmədov bildirib.

Nazir vurğulayıb ki, eyni zamanda, işğalçılar uzun illər ərzində kənd təsərrüfatı torpaqlarını döyüş poliqonuna çevirib və münbitliyinə ciddi ziyan vurub: "Həmin ərazilərin torpaq resurslarının monitorinqi zamanı müəyyən edilib ki, uzunluğu 2 000 km, sahəsi isə təxminən 4 200 hektar olan səngərlər və istehkamlar qurulub və bu torpaqlar kəskin antropogen eroziyaya məruz qalıb. Yüksək səviyyədə mina və partlamamış silah-sursatla çirklənmiş əkin sahəsi təxminən 5 min hektardır".