Azad edilmiş ərazilərdə ümumilikdə 44 731 hektar kənd təsərrüfatı təyinatları torpaq sahələri minadan təmizlənib - Nazir

11:28 - 4.11.2023


4 noyabr, Fineko/abc.az. Bugünədək Minatəmizləmə Agentliyi (ANAMA) tərəfindən Azərbaycanın işğaldan azad edilmiş ərazilərində ümumilikdə 44 731 hektar kənd təsərrüfatı təyinatları torpaq sahələri mina və partlamamış hərbi sursatlardan təmizlənmiş, bundan 27 783 hektar sahənin isə təmizlik sertifikatları və xəritə-sxemləri Kənd Təsərrüfatı Nazirliyinə təqdim olunub.

ABC.AZ Report-a istinadən xəbər verir ki, bunu kənd təsərrüfatı naziri Məcnun Məmmədov Milli Məclisdə “Mina Təhlükəsi ilə Mübarizə - partlayıcı sursatların ekosistemə təsiri” mövzusunda ictimai dinləmə zamanı deyib.

Onun sözlərinə görə, bu istiqamətdə proses intensiv şəkildə davam etdirilir.

"Məhz bu əməkdaşlığın nəticəsində təhlükəsizlik qaydalarına ciddi riayət edilməklə 2020-2021-ci təsərrüfat ilində 10 min ha, 2021-2022-ci təsərrüfat ilində 50 min ha, 2022-2023-cü təsərrüfat ilində isə 72 min ha torpaq sahəsi əkin dövriyyəsinə cəlb edilib. Bu isə potensial ərazilərin cəmi 60 %-ni təşkil edir. Göründüyü kimi 40 % torpaq sahəsi qeyd olunan səbəblərdən hələ də əkin dövriyyəsinə cəlb oluna bilinməyib"-deyə, o qeyd edib.