Azərbaycanda mal əti hansı həddə qədər - BAHALAŞA BİLƏR?

11:41 - 22.08.2023


22 avqust, Fineko/abc.az. Son günlər Azərbaycanda sümüklü mal ətinin 1 kiloqramının qiyməti 15-16 manata çatıb. Halbuki, ilin əvvəlində 11-12 manata sümüklü mal əti almaq olurdu.

Bahalaşmaya müxtəlif səbəblər, o cümlədən Rusiya və Ukraynadan ət idxalının kəskin azalması göstərilir. Bəs Azərbaycanda mal ətinin qiyməti hansı həddə qədər arta bilər? 

ABC.AZ xəbər verir ki,  "Azad İstehlakçılar Birliyi"nin sədri Eyyub Hüseynovun sözlərinə görə, ətin bahalaşmasının kökündə təkcə Rusiya-Ukrayna müharibəsi dayanmır və qiyməti artımına rəvac verən xeyli sayda amil var.

"1-ci səbəb odur ki, Kənd Təsərrüfatı Nazirliyi ölkədə pambıq əkinini stumullaşdıran siyasət yürüdür. Son nəticədə heyvandarlıq üçün vacib örüş yerləri (otlaqlar) pambıq əkini sahələrinə çevrilir. Yəni, insanlar mal-qara saxlamaqdan imtina edir və pambıq əkininə keçirlər. Bu da heyvanların sayını azaldır, təbii olaraq qiymət artımına səbəb olur.

2-ci səbəb odur ki, son 3 ildə heyvan yemləri təxminən 80 % bahalaşıb. Bu da ətin qiymətinə təsirini göstərir.

3-cü səbəb odur ki, fərdi təsərrüfatlarda yetişdirilən heyvanların bazara çıxarılıb satılması demək olar ki, mümkün deyil. Bazarda söz sahibi alverçilərdir. Onların ət biznesi ilə sıx əlaqələri var və heyvan sahiblərinə malı birbaşa satmağa imkan vermirlər. Özü də alverçilər demək olar ki, qeyri-qanuni fəaliyyət göstərir, vergi ödəmir, özlərinə sərf edən qiyməti ətin üzərinə qoyur və bununla da bahalaşmaya stimul verir.

4-cü səbəb odur ki heyvandarlıq sektoru getdikcə meqafermaların əlində cəmləşir. Onların yem və su resurslarına əlçatanlığı yüksək səviyyədədir, bu resursları elə mənimsəyiblər ki, fərdi təsərrüfatları asanlıqla sıxışdıra, kartel sövdələşmələrinə gedə və bazarda qiymətləri diktə edə bilirlər", - deyə E.Hüseynov qeyd edib.