10:54 - 30.10.2017
Vilnüs şəhərində Azərbaycan Respublikası Hökuməti və Litva Respublikası Hökuməti arasında İkitərəfli Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın 5-ci iclası keçirilib.
Vergilər Nazirliyinin məlumatında deyildiyi kimi, komissiyaya Azərbaycan tərəfindən vergilər naziri Fazil Məmmədov, Litva tərəfindən isə Litvanın xarici işlər naziri Linas Linkyaviçyus rəhbərlik etmişdir.
L.Linkyaviçyus deyib: “Azərbaycan Cənubi Qafqazda Litvanın ən mühüm iqtisadi tərəfdaşıdır. Litva-Azərbaycan iqtisadi əlaqələrinin inkişaf etdirilməsi üçün çox böyük potensial var. Xüsusilə, yüksək texnologiyalar, neft-kimya, nəqliyyat, yeyinti sənayesi, toxuculuq sənayesi kimi sahələrdə əlaqələri inkişaf etdirmək lazımdır. Litva öz növbəsində Azərbaycan-Avropa İttifaqı münasibətlərinin daha da inkişaf etdirilməsi üçün körpü rolu oynaya və bu münasibətləri möhkəmləndirə bilər”.
Öz növbəsində, vergilər naziri Fazil Məmmədov bildirib ki, ikitərəfli əməkdaşlığın həcmi real potensiala uyğun deyil, və bu potensialın səfərbərliyi hökümətlərarası komissiyanın işinin əsas istiqamətlərindən biridir.
“İclas gedişatında hüquqi baza, energetika, kənd təsərrüfatı, ekologiya, gənclər və idman, mədəniyyət və turizm, elm və təhsil, nəqliyyat, informasiya-rabitə texnologiyaları, gömrük və səhiyyənin inkişafı sahəsində əməkdaşlığın perspektivləri, Azərbaycan və Litva regionları arasında əməkdaşlıq məsələləri müzakirə edilmişdir”, - məlumatda belə deyilir.
İclasın yekununda hökümətlərarası komissiyanın beşinci iclasının yekun protokolu imzalanmışdır. Bu protokola əsasən, tərəflər, sərgilər, konfranslar və biznes forumlarının keçirilməsi, Azərbaycanda yaradılmış sənaye parklarında, o cümlədən, Sumqayıt Sənaye Parkında ixtisaslaşdırılmış Litva şirkətlərinin investorlar kimi iştirakının dəstəyi haqqında razılığa gəldilər. İclas çərçivəsində, xidməti pasportların sahibləri üçün viza rejiminin sadələşdirilməsi haqqında razılaşma, həmçinin, “Azərbaycan Respublikası Vergilər Nazirliyi və Litva Respublikasının Maliyyə Nazirliyi yanında Dövlət Vergi Müfəttişliyi arasında məlumat mübadiləsi sahəsində və vergi tələblərinin alınmasında qarşılıqlı inzibati yardım haqqında Anlaşma Memorandumu” imzalanmışdır.
27 İyul 2026
25 İyul 2026