İlin sonunadək yüzlərlə şuşalı evlərinə köçürüləcək - Prezidentin xüsusi nümayəndəsi

10:43 - 16.06.2023


16 iyun, Fineko/abc.az. İlin sonunadək yüzlərlə şuşalının öz doğma yurdlarına köçürülməsi planlaşdırılır. Bununla bağlı hazırda ilkin olaraq 23 yaşayış binasının tikintisi davam etdirilir.

ABC.AZ xəbər verir ki, bunu Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov Şuşada keçirilən “Qurtuluşdan Zəfərə” mövzusunda beynəlxalq konfransda səsləndirib.

Aydın Kərimov diqqətə çatdırıb ki, Azərbaycan Prezidentinin müvafiq tapşırıqlarına uyğun olaraq Şərqi Zəngəzur və Qarabağda aparılan bərpa-quruculuq işləri çərçivəsində Şuşada da bir çox məsələlər öz həllini tapıb.

İri layihələrin həyata keçirildiyini diqqətə çatdıran Aydın Kərimov qısa müddət ərzində Şuşada 13 abidənin, o cümlədən iki məscidin tam şəkildə bərpa edildiyini bildirib.

O deyib ki, Şuşanın kommunal və yol infrastrukturunun yenidən qurulması istiqamətində bir çox işlər görülüb.