15:49 - 15.03.2023
15 mart, Fineko/abc.az. Tərtər rayonunun işğaldan azad edilmiş Talış kəndinə ilkin mərhələdə köçürüləcək ailələrlə görüş keçirilib.
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən ABC.AZ-a verilən məlumata görə, Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Prezidentin xüsusi nümayəndəsi Emin Hüseynov görüşdə deyib ki, dövlətimizin başçısının tapşırıqları əsasında, işğaldan azad edildikdən sonra Talış kəndində tikinti-bərpa işləri aparılıb, yeni evlər inşa olunub, zəruri infrastruktur yaradılıb.
Püşkatma nəticəsində ailələrin hər birinə veriləcək evin ünvanı müəyyənləşdirilib. Onlardan 15-i üçotaqlı, 1-i ikiotaqlı, 4-ü dördotaqlı fərdi evlə təmin olunub.
Qeyd edək ki, Talış kəndinə köçürüləcək 20 ailə indiyədək Bakı, Bərdə, Tərtər, Samux və Goranboyda, əsasən, ağır şəraitdə, qəzalı vəziyyətdə olan müvəqqəti məskunlaşma yerlərində yaşayıblar. Onlar yeni evlərinə Novruz bayramı ərəfəsində, martın 16-da köçürüləcəklər.
8 Avqust 2026
8 Avqust 2026
7 Avqust 2026