Deputat “Kristal Abşeron”un işini tənqid etdi

10:25 - 14.03.2023


14 mart, Fineko/abc.az. “Qaradağ rayonu “Qobu Park-2” yaşayış kompleksində aşma təhlükəsi ilə üz-üzə qalan 16 saylı binanın yerləşdiyi ərazi tarixən bataqlıq, göl olub.

Belə bir yerdə çoxmərtəbəli binaların tikilməsi əslində qanunauyğun deyil. Çünki uzun müddət su yığınağı olan yerin təmizlənib yerində bina tikilməsi insanların həyatına təhlükə yaradır. Vətəndaşlar narazılıqlarında haqlıdırlar. Bu məsələyə çox ciddi reaksiya verilməlidir. “Kristal Abşeron”dan soruşulmalıdır ki, niyə orada bina tikib. Axı belə yerlərin seçilməsi uyğun deyil. Sürüşmə zonasında da xeyli binalar tikilib. Həmin ərazilərdə yaranan problemləri uzun müddət aradan qaldırmaq mümkün deyil. Ev tikənlər özlərinin xeyirləri üçün başdansovdu iş görürlər. Türkiyədə baş verən zəlzələ göstərdi ki, əslində bu, insanların faciəsidir. Zəlzələdə dağılan binaların tikintisini həyata keçirənlərin çoxu həbs ediliblər. Axtarışlar aparılır. Əlbəttə, bu, bizdə də var”.

ABC.AZ xəbər verir ki, bunu Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Tahir Rzayev deyib.

Deputat bildirib ki, sözügedən ərazi “Lökbatan” adlanır: “Elə adından məlumdur. Tarixən oradan karvanlar keçib, həmin yerdə batıb qalıblar. Lökbatanın adı da buradan qaynaqlanır. Televiziyada da “Qobu Park-2” yaşayış kompleksinin problemi barədə reportajı izlədim. Kadrlarda gördüm ki, yay aylarında orada ifunətdən dayanmaq olmur, anti-sanitariya hökm sürür. Bəs orada böyüyən uşaqlar necə olacaqlar? Evi tikənlər, görəsən, uşaqların taleyi barədə fikirləşmirlər? Onlar çox vaxt ancaq ciblərini fikirləşirlər ki, “cibimə pul gəlsin, tez tikim, uzaq ərazidir, ucuz qiymətə alınacaq”.