Kahramanmaraşda Azərbaycan məhəlləsi salınacaq

10:05 - 14.03.2023


14 mart, Fineko/abc.az. Fevralın 6-da Türkiyənin 11 vilayətində dağıntılara səbəb olan güclü zəlzələdən sonra azərbaycanlı iş adamları və qeyri-hökumət təşkilatlarının bir araya gələrək yenidən bərpa etdikləri “Qardaş köməyi” platformasının fəaliyyəti davam edir.

ABC.AZ xəbər verir ki, bu dəfə zəlzələ ocağı Kahramanmaraş şəhərində 200 konteynerlik Azərbaycan məhəlləsi qurulacaq.

Platformanın Türkiyə təmsilçisi, Asif Qurbanlının bildirdiyinə görə, bu günlərdə məsələ ilə əlaqədar Kahramanmaraşın Türkoğlu rayonunda vali Tuncay Akkoyun ilə görüşüblər. Valinin edilən yardım və dəstəyə görə, Azərbaycana və “Qardaş köməyi” platforma üzvlərinə təşəkkür etdiyini deyən Asif Qurbanlı bildirib ki, Tuncay Akkoyun ilə aparılan müzakirələrdən sonra ən azı 200 yaşayış konteynerinin yer alacağı Azərbaycan məhəlləsinin qurulmasına qərar verilib:

“Platforma tərəfindən göndərilən 100-dən çox yaşayış konteynerləri artıq sahəyə gətirilib. Onu da xüsusi olaraq qeyd edim ki, Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi AFAD rəsmiləri də məhəllə salınacaq ərazidə aparılan işlərə baxış keçirib”.