Bu halda mülkiyyət hüquqlarına müdaxilə olunur - Detallar

10:18 - 2.03.2023


2 mart, Fineko/abc.az. Bakıda pilot layihə kimi binalar və fərdi evlərin söküntüsü zamanı əhaliyə yeni tikiləcək binalardan mənzillər və ya kompensasiya təklif olunur.

ABC.AZ Baku.ws-ə istinadən xəbər verir ki, bəzən vətəndaşlara təqdim olunan kompensasiyanın həcmi böyük narazılıq doğurur.

Belə ki, tikinti şirkəti ilə razılaşmayan sakinlər onlara təqdim edilən pulun az olmasını əsas gətirərək evlərini tərk etməkdən imtina edirlər.

Mövzu ilə bağlı əmlak məsələləri üzrə ekspert Ramil Osmanlı bildirib ki, son illər Bakıda inşa olunan pilot layihələrdə vətəndaşlara əksər hallarda kompensasiya ödənişləri həyata keçirilmir:

“Daha çox əvəzləşdirmə qaydasında razılıq əldə olunur. Yəni kimin ki həmin ərazidə evi var, orada bina tikilirsə, həmin şəxsin mövcud əmlakına uyğun 20 faizlik rəqəm də nəzərə alınmaqla mənzillə təmin olunması həyata keçirilir. Hesab edirəm ki, bu, doğru yanaşmadır.

Lakin istisna hallar olur və bəzi şəxslər razılaşmır, pulu götürməyə üstünlük verirlər. Bu məsələdə tikinti şirkətlərinə hansısa rəqəm təqdim olunmur ki, sakinlərə mütləq 1 500 manatdan yuxarı kompensasiya verilməsin. İnvestorla mülkiyyətçi arasında razılaşdırılmalı olan rəqəmlər var. Əgər bir ərazidə mənzil-tikinti kooperativi 1 kvadratmetr təmirsiz mənzili 2 500 manata satırsa, onun vətəndaşa 1 500 manat/1 kv.m təklif etməsi absurddur. Bu, mülkiyyət hüquqlarına müdaxilə və onun pozulmasıdır”.