Kənd Təsərrüfatı nazirliyi istixana sahiblərinə çağrış etdi

14:18 - 10.02.2023


10 fevral, Fineko/abc.az. İstixanalar, soyuducu anbarlar və taxıl elevatorları hesabatlarını fevral ayının 15-nə qədər Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində (EKTİS) təqdim etməlidirlər.

Kənd Təsərrüfatı Nazirliyindən ABC.AZ-a daxil olan məlumata görə, ölkədə fəaliyyət göstərən kənd təsərrüfatı məhsullarının yetişdirildiyi istixanalar, məhsulların saxlanıldığı soyuducu anbarlar və taxıl elevatorları EKTİS-də “Tədarükçü modulu”nda qeydiyyatdan keçməli, tədarük edilən məhsulları saxlamaq üçün EKTİS-də müəyyən edilən hesabat formalarına uyğun informasiyaları mütəmadi olaraq sistemə daxil etməlidirlər.

Bunun üçün EKTİS-də istixanalar, məhsulların saxlanıldığı soyuducu anbarlar və taxıl elevatorlarının qeydiyyatı üçün modullar yaradılıb. Bununla bağlı Kənd Təsərrüfatı Nazirliyi aidiyyəti tədarükçü və istehsalçı olan fiziki və hüquqi şəxslərin diqqətinə çatdırır ki, 2022-ci il üzrə yekun və cari ilin yanvar ayı üzrə müvafiq hesabatları fevral ayının 15-nə qədər EKTİS-də (https://eagro.az/) təqdim edilməlidir.