10:43 - 13.01.2023
13 yanvar, Fineko/abc.az. Bakı, Sumqayıt və Abşeron üzrə bu ilin ilk ayının pensiyalarının ödənişinə başlanıb.
ABC.AZ xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Dövlət Sosial Müdafiə Fondu tərəfindən Bakı və Sumqayıt şəhərləri, Abşeron rayonu üzrə yanvar ayının pensiyalarının ödənilməsinə başlanılıb və proses sabah tam yekunlaşacaq.
Yaxın günlərdə respublikamızın digər bölgələri üzrə də pensiyalar, həmçinin güzəştli şərtlərlə pensiya hüququna malik şəxslərin pensiyaları da ödəniləcək.
Ümumi əsaslarla pensiya təyin olunmuş pensiyaçılara ötən il üzrə verilən maddi yardımın (200 manat) hər aya düşən məbləği (16,66 manat) də bu ilin əvvəlindən onların pensiyalarına daxil edilib və yanvar ayının pensiyaları həmin artımlarla birgə ödənilir.
Həmçinin bütün növ pensiyalar orta aylıq nominal əməkhaqqının ötən il üzrə artımına dair rəsmi statistik göstərici əsasında bu ilin əvvəlindən indeksləşdirilərək artırılacaq. Həmin artım tətbiq edildikdə bu barədə ətraflı məlumat veriləcək.
8 Avqust 2026
8 Avqust 2026