14:07 - 18.10.2022
18 oktyabr, Fineko/abc.az. Azərbaycanı tərk edərək ABŞ-a köçən prezidentin sabiq köməkçisi Əli Həsənovun oğlu Şamxal Həsənli Florida ştatının ikinci ən böyük şəhəri olan Mayamidə fəaliyyət göstərən "Manocherı Brothers LLC” ("Manuçeri Qardaşları”) şirkətində işə düzəlib.
ABC.AZ Yeniavaz.com-a istinadən xəbər verir ki, Şamxal Həsənli şirkətdə satınalmalar üzrə direktor vəzifəsini icra edir.
"Manocherı Brothers LLC” şirkəti daşınmaz əmlak şirkətidir və 2021-ci ilin avqust ayında yaranıb. Yeni yaranan şirkət ABŞ-ın tanınmış daşınmaz əmlak şirkətlərindən olan "Universe Holdings”ə bağlıdır.
Şirkətin sahibi olan Henri Manuçeri ABŞ-ın tanınmış daşınmaz əmlak mütəxəssislərindən biridir. Məlumat üçün bildirək ki, Şamxal Həsənli daha əvvəl Mayaminin aparıcı daşınmaz əmlak şirkətlərindən "Zylberglait Group”da işləyib.
Bu şirkət ABŞ-ın və dünyanın ən böyük daşınmaz əmlak şirkətlərindən olan "Marcus and Millichap” şirkətinin yerli ofisi hesab olunur.
Bu ilin əvvəlində Şamxal Həsənlinin "Marcus and Millichap” şirkətində ermənilərlə birgə işlədiyi barədə məlumat verilib.
Belə görünür, bu məlumat yayıldıqdan bir müddət sonra Şamxal Həsənli iş yerini dəyişib.
10 Avqust 2026