12:28 - 12.10.2022
12 oktyabr, Fineko/abc.az. Bu il oktyabrın 10-dan 11-nə keçən gecə Azərbaycanın Vaşınqtondakı səfirliyinin xidməti avtomobilinə atəş açılıb. ABC.AZ xəbər verir ki, bu barədə Azərbaycan XİN məlumat yayıb.
“Baş vermiş hadisə ilə bağlı diplomatik nümayəndəliyimiz tərəfindən dərhal ABŞ müvafiq qurumlarına məlumat verilib, kamera görüntüləri qarşı tərəfə təqdim edilib. Məsələ ilə əlaqədar ABŞ-ın ölkəmizdəki müvəqqəti işlər vəkili 12 oktyabr tarixində XİN-ə çağırılıb, baş vermiş hadisə ilə bağlı ciddi narahatlığımız və narazılığımız ifadə edilib və Azərbaycan diplomatik nümayəndəliyinin təhlükəsizliyinin təmin edilməsi tələbi qarşı tərəfin diqqətinə çatdırılıb.
Son zamanlar xarici ölkələrdəki erməni icmalarının radikal üzvləri tərəfindən Azərbaycanın diplomatik nümayəndəliklərinə qarşı hücumların sistemli xarakter daşıması, o cümlədən Vaşınqton, Paris, Beyrut və digər şəhərlərdə səfirliklərimizə qarşı törədilən hücumlar və vandallıq aktlarının ciddi narahatlıq doğurur. Xarici ölkələrdəki diplomatik nümayəbdəliklərimizin təhlükəsizliyinin təmin edilməsi ev sahibi ölkəsinin beynəlxalq konvensiya ilə üzərinə götürdüyü öhdəliyidir. Bununla bağlı olaraq, baş vermiş hər bir insidentlə bağlı müvafiq araşdırmanın aparılması və səfirliklərimizin, eləcə də diplomatlarımızın təhlükəsizliyinin lazımı səviyyədə təmin edilməsi tələbini bir daha vurğulayırıq", - deyə XİN-in məlumatında qeyd edilib.
8 Avqust 2026
8 Avqust 2026