Muzdla işləyənlərin sayı 29 min nəfərdən çox artıb

15:52 - 9.09.2022


9 sentyabr, Fineko/abc.az. 2022-ci il avqustun 1-i vəziyyətinə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 29,4 min nəfər və ya 1,7 faiz artaraq 1 milyon 719,1 min nəfər olub.

Dövlət Statistika Komitəsindən ABC.AZ-a verilən məlumata görə, onlardan 897,5 min nəfəri iqtisadiyyatın dövlət sektorunda, 821,6 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərib.

Muzdla işləyənlərin 19,1 faizi təhsil, 18,7 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 12,7 faizi sənaye, 8,2 faizi əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 7,6 faizi tikinti, 6,5 faizi dövlət idarəetməsi və müdafiə; sosial təminat, 4,3 faizi nəqliyyat və anbar təsərrüfatı, 3,5 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 3,4 faizi peşə, elmi və texniki fəaliyyət, 1,9 faizi maliyyə və sığorta fəaliyyəti, 14,1 faizi isə iqtisadiyyatın digər sahələrində məşğul olublar.