14:05 - 29.04.2022
29 aprel, Fineko/abc.az. Vətəndaşların rahat gediş-gəlişinin təmin olunması məqsədilə Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunda əsaslı təmir-bərpa işlərinə başlanılır.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən ABC.AZ-a daxil olan məlumata görə, təmir-bərpa işləri magistral yolun 88-ci km-dən başlayaraq Bakı şəhəri istiqamətində aparılacaq.
Avtomobil yolunda hərəkət intensivliyi nəzərə alınaraq işlər hissə-hissə aparılacaq. İşlərin aparıldığı ərazidə avtonəqliyyat vasitələrinin hərəkəti tam olaraq məhdudlaşdırılacaq.
Təmir-bərpa işləri aparılan müddət ərzində əks istiqamət üzrə avtonəqliyyat vasitələrinin 2 tərəfli hərəkəti təmin ediləcək.
Əks istiqamət üzrə 2 tərəfli hərəkətin təhlükəsiz və maneəsiz təmin olunması üçün ərazidə əlavə təhlükəsizlik tədbirlərinin görülməsi, müvafiq nişanlanma xətlərinin çəkilişi və müvəqqəti yol nişanlarının quraşdırılması işləri aparılacaq.