16:09 - 30.03.2022
30 mart, Fineko/abc.az. Hərdən belə fikirlər eşidirik ki, Bakının yol-nəqliyyat problemlərinin həlli üçün paytaxtı başqa şəhərə köçürmək lazımdır. Guya, bundan sonra Bakı rahatlanar.
ABC.AZ xəbər verir ki, bunu yol hərəkəti üzrə ekspert Ərşad Hüseynov deyib.
Onun sözlərinə görə, paytaxtı köçürməyin dövlət büdcəsi üçün milyardlara başa gələcək bir ideya olduğunu nəzərə almaq lazımdır:
"Elə həmin pulu dəqiq hesablanmış plan üzrə Bakının mobillik problemlərinin həllinə xərcləsək, ciddi dəyişikliklər görərik. Bakı Azərbaycanın sadəcə paytaxtı (siyasi mərkəzi) yox, həm də əsas işgüzar (sənaye, xidmətlər, təhsil, elm, mədəniyyət və s.) mərkəzidir. Ona görə də hansısa mərkəzi hakimiyyət orqanını Bakıdan harasa köçürmək Bakının ikinci statusunu (işgüzar mərkəz) dəyişməyəcək. Dünyada paytaxtı daha kiçik şəhərlərə köçürənlərin əksəriyyəti əslində ali hakimiyyət orqanlarında çalışanları iri şəhərlərin səs-küyündən, tıxaclarından və başqa bu kimi diskomfort yaradan amillərindən qurtarmaq məqsədi güdüblər. Yəni, belə köçürmə həmin keçmiş iri paytaxtın əhalisinə heç nə verməyib. Əksinə, bəzən paytaxtın köçməsi bu statusunu itirən iri şəhərin, az da olsa, diqqətdən kənarda qalması, infrastruktur inkişafında geriləməsi ilə nəticələnib. Qısası, paytaxtı köçürmək hətta Bakını daha pis vəziyyətə sala bilər".