Azərbaycanda elektrikli avtomobillər üçün gözlənilən güzəştlər açıqlanıb

15:41 - 29.03.2022


29 mart, Fineko/abc.az. Azərbaycanda elektromobillər və Hibrid avtomobilləri üçün olunacaq güzəştlər açıqlanıb.

ABC.AZ-ın məlumatına görə, güzəştlər barədə Energetika nazirliyinin rəsmisi Rauf Qurbanov "Azərbaycanda ekoloji təmiz avtomobillərin istismarı və təmiz ətraf mühit" mövzusunda keçirilmiş mətbuat konfransında danışıb.

Nazirlik rəsmisi qeyd edib ki, sözügedən avtomobillərlə bağlı hazırlanmış təkliflər paketində avtoparklardan güzəştli şərtlərlə istifadəsi nəzərdə tutulub. Onun sözlərinə görə, güzəştlər bununla kifayətlənməyəcək.

Belə ki, elektromobillər və hibrid maşınlar üçün gələcəkdə ödənişli yollardan istifadəsi barədə də xüsusi proqram hazırlanacaq: "Bu tip avtomobillər üçün gecə-gündüz tarifinin tətbiq edilməsi də təkliflər paketində öz əksini tapıb. Elektrik maşınlarının, həm də enerjidoldurma məntəqələri şəbəkəsinə qoşulması da planlar içindədir. Onu da qeyd edim ki, elektrikli avtomobillərin artımı və kütləviliyi ilə bağlı da irəliləyişlər hiss edilir. Bu təbii ki, dövlət özəl sektor əməkdaşlığının bəhrəsidir. Və özəl sektor, dövlət əməkdaşlığı mütləq davam etməlidir".

Müəllif: Elmir Murad