12:15 - 28.03.2022
28 mart, Fineko/abc.az. Martın 28-də müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərliyi ilə Mərkəzi Komanda Məntəqəsində xidməti müşavirə keçirilib.
Müdafiə Nazirliyindən ABC.AZ-a bildirilib ki, müşavirəyə nazir müavinləri, qoşun növləri komandanları, nazirliyin baş idarə, idarə və xidmət rəisləri cəlb olunub.
Azad edilmiş ərazilərdə dislokasiya olunan hərbi birlik, birləşmə komandirləri, o cümlədən digər məsul zabitlər müşavirəyə videobağlantı vasitəsilə qoşulublar.
Müşavirədə Azərbaycan-Ermənistan dövlət sərhədindəki vəziyyət və Qarabağ iqtisadi zonasındakı əməliyyat şəraiti geniş təhlil edilib.
Nazir hərbi hissələrin döyüş hazırlığının yüksək səviyyədə saxlanılması, xidməti-döyüş fəaliyyətinin daim təkmilləşdirilməsi, ayıq-sayıqlığın artırılması barədə vəzifəli şəxslərə konkret tapşırıqlar verib.