Zəngəzur dəhlizi İrandan keçəcək?

10:39 - 14.03.2022


14 mart, Fineko/abc.az. Xəbər verdiyimiz kimi martın 11-də Azərbaycan Hökuməti ilə İran Hökuməti arasında Anlaşma Memorandumu imzalanıb.

ABC.AZ-ın məlumatına görə, memorandum tərəflərin qanunvericiliyi ilə müəyyənləşdiriləcək şirkət tərəfindən layihə sənədləri bir ay müddətində hazırlanacaq və qanunvericiliyin tələblərinə uyğun olaraq razılaşdırılacaq.

Şərqi Zəngəzur iqtisadi rayonunu İranla birləşdirən avtomobil körpüsünün, eləcə də rabitə və enerji xətlərinin layihə sənədlərinin hazırlanması, tikintisi və bu tikintiyə nəzarət işləri üzrə bütün xərclər Azərbaycan tərəfindən ödəniləcək.

İranı Naxçıvan MR-in Ordubad rayonu ilə birləşdirən avtomobil körpüsünün layihə sənədlərinin hazırlanması, tikintisi və tikintiyə nəzarət işləri üzrə bütün xərcləri İran tərəfi həyata keçirir. Avtomobil yolu körpülərinin tikintisi başa çatana qədər Tərəflər öz dövlətinin ərazisində avtomobil yollarının zəruri tikinti, genişləndirmə və yenidənqurma işlərini təmin edir, eyni zamanda avtomobil körpüsünə giriş yollarının tikintisini həyata keçirirlər. Qeyd edək ki, sözügedən Anlaşma Memorandumu qeyri-müəyyən müddətə bağlanıb.