AKİA fermerlərə nə qədər subsidiya ödəyib? - Agentlikdən açıqlama

14:42 - 15.02.2022


15 fevral, Fineko/abc.az. Aqrar Kredit və İnkişaf Agentliyi 2021/2022-ci il payızlıq əkinlərə görə subsidiyaların ödənişinə başlayıb.

ABC.AZ-ın məlumatına görə, fevralın 15-də AKİA tərərindən payızlıq əkinlərə görə 159500 fermerə ümumilikdə 61.836.000 manat subsidiya ödənişi həyata keçirilib.

Subsidiyalar kənd təsərrüfatı məhsulları istehsalçılarının “Fermer kartı”na köçürülüb. Qanunvericiliyə uyğun olaraq, fermerlər karta köçürülmüş vəsaitini 25 faizini bankomatlar vasitəsilə nağdlaşdıra, 75 faizini isə qeyri-nağd şəkildə gübrə, pestisid, herbisid, toxum və digər kənd təsərrüfatı istehsal vasitələri almaq üçün sərf edə bilərlər.

Aqrar Subsidiya Şurasının qərarına əsasən, 2021/2022 mövsümündə taxıl əkinlərinin hər hektarına görə, fermerlərə 210 manat subsidiya ödənilir. Bu gün ödənilən subsidiyalar təxminən 300 min hektara yaxın əkin sahəsini əhatə edir.

Payızlıq əkinlərin bəyanı dekabrın 30-da başa çatıb, ilk subsidiyalar həm də əkinlərini vaxtında bəyan etmiş fermerlərə ödənilib.