Kimlərin pensiya məbləğinə artım hesablanacaq? - Deputatdan açıqlama

15:34 - 8.02.2022


8 fevral, Fineko/abc.az. Xəbər verdiyimiz kimi Prezident İlham Əliyev "Əmək pensiyaçılarının sosial müdafiəsi sahəsində əlavə tədbirlər haqqında” sərəncam imzalayıb.

ABC.AZ xəbər verir ki, iqtisadçı deputat Vüqar Bayramov ölkə başçısının "Əmək pensiyaçılarının sosial müdafiəsi sahəsində əlavə tədbirlər haqqında” 8 fevral 2022-ci il tarixli sərəncamını şərh edərkən bildirib.

Deputatın sözlərinə görə, əmək pensiyasının məbləği 2021-ci ildəki orta aylıq məbləğinə, pensiya kapitalı isə illik infilyasiya səviyyəsinə indeksasiya olunacaq.

"Ötən il orta aylıq əmək haqqı 3.4 faiz artıb, rəsmi infilyasiya səviyyəsi isə 6.7 faiz olub. Qeyd edim ki, indeksləşdirməyən artımlar bütün növ əmək pensiyalarına şamil olunur. "Əmək pensiyaları haqqında” qanunun 4-cü maddəsinə əsasən, əmək pensiyalarının 3 növü təsbit olunub. Bunlar yaşa görə əmək pensiyası, əlilliyə görə əmək pensiyası və ailə başçısını itirməyə görə əmək pensiyasıdır. Deməli, vətəndaşımız növündən asılı olmayaraq əmək pensiyası alırsa, onun pensiya məbləğinə artım hesablanacaq”, - deyə V.Bayramov bildirib.