Şuşa şəhərinin və Daşaltı kəndinin içməli su təchizatı sistemləri yaradılır

11:57 - 7.01.2022


7 yanvar, Fineko/abc.az. “Azərsu” ASC-də Şuşa şəhərinin və Şuşa rayonunun Daşaltı kəndinin içməli su təchizatı sisteminin yaradılması və ilkin layihə sənədlərinin hazırlanması məqsədilə yaradılmış işçi qrupun ilk iclası keçirilib.

ABC.AZ xəbər verir ki, işçi qrupunun rəhbəri, “Azərsu” ASC-nin sədr müavini Etibar Məmmədov bildirib ki, Şuşa şəhəri işğaldan azad olunduqdan bir neçə gün sonra “Azərsu” ASC-nin mütəxəssisləri şəhərin su təchizatı sistemlərinin araşdırılmasına başlayıb.  Mürəkkəb relyef və sərt iqlim şəraitində Kiçik Kirs-Şuşa və Zarıslı-Şuşa magistral su kəmərlərinin qəzalı hissələri bərpa edilib, 2020-ci il noyabrın 25-də Kiçik Kirs, dekabrın 20-də isə Zarıslı mənbəyindən  Şuşaya suyun verilişi bərpa olunub.

İclasda su ehtiyatlarının qiymətləndirilməsi, su anbarlarının yaradılması, içməli, tullantı, yağış suları sistemlərinin idarə edilməsi üzrə baş planların hazırlanması, innovativ texnologiyaların tətbiqi və digər məsələlər müzakirə edilib, texniki-iqtisadi əsaslandırma sənədlərinin hazırlanması ilə bağlı tapşırıqlar verilib.