Fars körfəzini Qara dənizə birləşdirən yeni layihə

17:24 - 23.12.2021


23 dekabr, Fineko/abc.az. Fars körfəzini Qara dənizə birləşdirən tranzit marşrutu üzrə sınaq yürüşlərinə başlanılıb.

ABC.AZ-ın məlumatına görə, Cənubi Qafqazda Azərbaycanın iştirakı ilə növbəti regional əməkdaşlıq platforması yaradılır.

Belə ki, hazırda Fars körfəzini Qara dənizə birləşdirən tranzit marşrutu üzrə Azərbaycan, İran və Gürcüstan ərazisindən keçməklə ilk sınaq yürüşü həyata keçirilir.

Üç ölkənin nəqliyyat vasitələrindən ibarət avtomobil karvanı İran Biləsuvarından Azərbaycana, sonra Gürcüstan limanlarına, oradan Bolqarıstana, daha sonra quru yolla Şərqi Avropanın digər ölkələrinə hərəkət edəcək.

Marşrut İranın cənubunda Fars körfəzindən başlayıb Avropaya kimi davam edir. Dekabrın 22-də Təbriz şəhərindən Azərbaycan, İran və Gürcüstan nəqliyyat vasitələrindən ibarət karvanın təntənəli yola salınması mərasimi keçirilib. Bu gün avtomobil karvanı Azərbaycana çatıb.

Qeyd edək ki, gələcəkdə bu dəhliz üzərindən dəmir yolu yükdaşımalarının da həyata keçirilməsi mümkün olacaq. Layihəyə əsasən həm də Cənubi Asiya ölkələri dəhliz vasitəsilə Qərbə daha bir yol əldə edəcəklər.