İlham Əliyev Venesuelanın xarici işlər üzrə xalq hakimiyyəti naziri ilə görüşdü

16:33 - 5.04.2018


5 aprel, Fineko/abc.az. Azərbaycan prezidenti İlham Əliyev Venesuela Bolivar Respublikasının xarici işlər üzrə xalq hakimiyyəti naziri Xorxe Arreasa Monserratın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Azərbaycan prezidenti Azərbaycan ilə Venesuela arasındakı ikitərəfli əlaqələrin uğurlu inkişafından məmnun olduğunu bildirdi. Venesuela prezidenti Nikolas Maduronun ölkəmizə səfəri və beynəlxalq təşkilatlar çərçivəsində keçirilən görüşlər barədə xatırladaraq, Prezident İlham Əliyev məhsuldar müzakirələr aparıldığını qeyd etdi.

Dövlət başçısı ölkələrimiz arasında müxtəlif sahələrdə əməkdaşlıq üçün yaxşı imkanlar olduğunu vurğuladı, ticarət və investisiya sahələrində əməkdaşlığın genişləndirilməsinin vacibliyini qeyd etdi. Prezident İlham Əliyev Azərbaycan və Venesuela arasında BMT-də və Qoşulmama Hərəkatı çərçivəsində uğurlu əməkdaşlığı vurğuladı.

Venesuela Bolivar Respublikasının xarici işlər üzrə xalq hakimiyyəti naziri Xorxe Arreasa Monserrat Prezident Nikolas Maduronun salamlarını dövlət başçısına çatdırdı. O, Venesuelanın Azərbaycanla əlaqələri genişləndirməkdə maraqlı olduğunu deyərək ölkəsinin Azərbaycanda səfirliyinin açılmasının planlaşdırılmasını bu niyyətin göstəricisi kimi dəyərləndirdi.

Dövlət başçısı Prezident Nikolas Maduronun salamlarına görə minnətdarlığını bildirdi, onun da salamını Venesuela dövlətinin başçısına çatdırmağı xahiş etdi.