16:44 - 7.09.2021
7 sentyabr, Fineko/abc.az. Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin sərəncamı ilə Azərbaycan Gimnastika Federasiyasının baş katibi Fərid Qayıbov gənclər və idman naziri təyin olunub.
ABC.AZ xəbər verir ki, F.Qayıbov 1979-cu ildə Bakıda doğulub.
O, Azərbaycan Xalq Təsərrüfatını İdarəetmə İnstitutunun Biznesin təşkili və idarə edilməsi fakültəsini bitirib. Yeni nazir 2000-2001-ci illərdə Azərbaycan Dövlət Neft Şirkətində çalışıb. 2003-2005-ci illərdə Azərbaycan Gimnastika Federasiyasının (AGF) idman və logistika meneceri olub. 2005-2006-cı illərdə AGF-nin baş meneceri olub.
2006-cı ildə federasiyanın hesabat-seçki konfransında Baş katib seçilib. 2010-cu ildə ikinci dəfə, 2015-ci ildə isə 3-cü dəfə federasiyanın baş katibi olub.
2006-2007, 2008-2009 və 2013-2014-cü illərdə bədii gimnastika üzrə Bakıda keçirilən 3 Avropa çempionatının Yerli Təşkilat Komitələrinin icraçı direktoru vəzifəsini icra edib. 2013-cü ildə Avropa Gimnastika İttifaqının vitse-prezidenti seçilib. Buna görə də həmin ittifaqın şura üzvlüyündən imtina edib. 2013-cü ildən Milli Olimpiya Komitəsinin üzvüdür.
Fərid Qayıbov evlidir və 3 övladı var.