Tbilisidə Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi üzrə Koordinasiya şurasının iclası keçirilib

17:18 - 5.03.2018


5 mart, Fineko/abc.az. Tbilisidə Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi üzrə Koordinasiya şurasının iclası keçirilib.

“Azərbaycan Dəmir Yolları” (ADY) QSC-in məlumatında deyilir ki, iclasda Gürcüstan Respublikası baş nazirinin birinci müavini, iqtisadiyyat və davamlı inkişaf naziri Dmitri Kumsişvili iki ölkə arasında iqtisadi, siyasi və mədəni əlaqələrdən bəhs edərək, Bakı-Tbilisi-Qars və digər regional layihələrin ikitərəfli əlaqələrin inkişafında mühüm rol oynadığını vurğuladı.

Azərbaycanın iqtisadiyyat naziri, Tranzit və Yükdaşımalar üzrə Koordinasiya Şurasının sədri Şahin Mustafayev öz növbəsində  bildirib ki, Bakı-Tbilisi-Qars layihəsi və Azərbaycan və Gürcüstanın birgə həyata keçirdiyi digər layihələr iki xalqın rifahının yaxşılaşmasına xidmət edir.

“Bakı-Tbilisi-Qars, eləcə də digər layihələr təkcə Cənubi Qafqazın deyil, bütövlükdə Avropanın inkişafında, onun Asiya ilə birləşməsində mühüm rol oynayacaq”, - deyə o, əlavə edib.

İclasda  Marabdadan Türkiyə sərhədinə qədər dəmir yolunun rekonstruksiyası, yenidənqurma işləri və yolun tikintisi, “Marabda-Kartsaxi” dəmir yolunun 2018-ci il üçün büdcəsi, Marabda-Turkiyə sərhədi dəmir yolu boyunca yeni bərpa və yenidənqurma işləri, Axalkalaki-Kartsaxi yolunda yeni infrastrukturun tikintisi və s. məsələlər müzakirə olunub, həmçinin Koordinasiya Şurasının qərarlarının icrası və digər məsələlərə də baxılıb.

İclasda Azərbaycan tərəfdən "Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Cavid Qurbanov, Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) icraçı direktoru Şahmar Mövsümov, Xarici İşlər, Maliyyə Nazirliklərinin məsul əməkdaşları, Azərbaycanın Gürcüstandakı səfiri Dursun Həsənov və digər rəsmi şəxslər iştirak ediblər.