Bakıda zavodda nöqsanlar aşkarlandı – Nazirlik məlumat yaydı

14:24 - 15.02.2021


15 fevral, Fineko/abc.az. Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğın Nəzarəti Xidməti paytaxtın Nərimanov rayonu, Müzəffər Nərimanov küçəsi 4 ünvanında yerləşən zavodda plandankənar yoxlama zamanı yanğın təhlükəsizliyi sahəsində çoxsaylı nöqsanların mövcudluğunu aşkarlayıb.

FHN-dən ABC.AZ-a daxil olan məlumata görə, yoxlama zamanı müəssisənin ərazisinin, bina və tikililərin yanğına qarşı ara məsafələrinin yanar tullantılardan vaxtaşırı təmizlənmədiyi, inzibati binanın və istehsal sahəsinin normalara uyğun təxliyə çıxışları ilə təmin olunmadığı, bina və qurğuların avtomatik yanğın xəbərverici siqnalizasiya və tüstüxaricetmə qurğuları, yanğına qarşı su təchizatı sistemləri ilə təmin olunmadığı, elektrik təsərrüfatının “Elektrik Qurğularının Quraşdırılması Qaydaları”nın tələblərinə uyğun quraşdırılmadığı, qeyri-standart elektrik qızdırıcı cihazlarından və odun sobalarından istifadəyə yol verildiyi, insanların və qiymətli əşyaların köçürülməsi üçün “Təxliyə planı”nın tərtib edilmədiyi müəyyən olunub.