Səngəçal terminalının qaz emalı və ixrac gücü 105 milyon kubmetrdir – Hesabat

10:45 - 4.02.2021


4 fevral, Fineko/abc.az. Səngəçal terminalının texniki emal sistemlərinin gündəlik gücü hazırda 1,2 milyon barel neft və kondensat, Şahdəniz qazı üçün təqribən 85 milyon standart kubmetrdir.

ABC.AZ-ın məlumatına görə, bu “BP-Azərbaycan”ın “Biznes əməliyyatları 2020” hesabatında qeyd olunub.

Ümumi qaz emalı və ixracı gücü isə (AÇG səmt qazı da daxil olmaqla) gündəlik təqribən 105 milyon standart kubmetrdir. 2020-ci ildə terminal təqribən 239 milyon barel neft və kondensat, o cümlədən 208 milyon barel Bakı-Tbilisi-Ceyhan (BTC) vasitəsilə və 31 milyon bareldən artıq Qərb İxrac Boru Kəməri marşrutu vasitəsilə ixrac edib. Qaz terminaldan əsasən Cənubi Qafqaz Boru Kəməri (CQBK), Cənubi Qafqaz Boru Kəmərinin Azəriqazın qazpaylama sistemi ilə birləşdirən SOCAR-a məxsus qaz kəməri ilə ixrac olunur. İl ərzində terminaldan həmçinin gündəlik orta hesabla təxminən 49 milyon standart kubmetr (təxminən 1 milyard 720 milyon standart kubfut) Şahdəniz qazı ixrac edilib.