Horadizdən Zəngilana, oradan Qubadlıya, oradan da Laçına yol çəkiləcək - Hazırlıq işləri gedir

14:39 - 7.01.2021


7 yanvar, Fineko/abc.az. Başqa vacib layihəyə də artıq start verilib. Bu, Toğanalı - Kəlbəcər yoludur, bu da çox çətin relyefdən keçən bir yoldur.

ABC.AZ-ın məlumatına görə, bunu Prezident İlham Əliyev 2020-ci ilin yekunlarına həsr olunmuş videoformatda keçirdiyi müşavirədə deyib.

Dövlət başçısı bildirib ki, bəzi yerlərdə yüksəklik 3500 metr olduğuna görə qış aylarında bu yoldan istifadə etmək çox çətindir: “Ona görə tunellərin tikintisi nəzərdə tutulur, müvafiq göstərişlər verilib və bu layihə də indi icra edilir. Eyni zamanda, göstəriş verilib ki, Horadizdən Zəngilana, oradan Qubadlıya və oradan da Laçın rayonuna qədər yol çəkilsin və hazırlıq işləri gedir. Onu da əlavə etməliyəm ki, Toğanalıdan Kəlbəcərə çəkiləcək yol Laçın rayonuna da davam etdiriləcək. Beləliklə biz iki tərəfdən, - həm şimaldan, həm cənubdan Laçın və Kəlbəcər rayonlarına yol-nəqliyyat infrastrukturu yaradacağıq".