Biz Şuşaya başqa yolla getdik, düşmənin gözləmədiyi yoldan – Prezident

17:21 - 24.12.2020


24 dekabr, Fineko/abc.az. Düşmən hesab edirdi ki, biz Laçın rayonunun cənub hissəsini götürəndən sonra bu tərəfdən Şuşaya gedəcəyik.

ABC.AZ-ın məlumatına görə, bunu Prezident İlham Əliyev Qubadlı şəhərinə səfəri zamanı deyib. O qeyd edib ki, biz də bilirdik ki, düşmən bizi orada gözləyir.

"Biz Şuşaya başqa yolla getdik, onların gözləmədiyi yoldan keçdik. Bu günə qədər də onlar inana bilmirlər ki, bizim qəhrəman əsgər və zabitlərimiz o dağlardan, dərələrdən, meşələrdən necə keçərək Şuşaya yaxınlaşıb və Şuşanı işğaldan azad ediblər. Onlar bizi buradan gözləyirdilər, eyni zamanda, Xocavənd rayonunun Qırmızıbazar qəsəbəsi istiqamətində gözləyirdilər. Biz isə Şuşaya başqa yolla getdik. Şuşaya yaxınlaşaraq bir neçə kəndi azad etdik, o cümlədən Sığnaq, Çanaxçı və Daşaltı kəndini azad etdik. Qubadlı əməliyyatının çox böyük əhəmiyyəti var idi. Çünki Qubadlıdan sonra biz Şuşa şəhərini işğaldan azad etdik. Oktyabrın 25-də Qubadlı azad olundu və noyabrın 8-də Şuşa şəhəri azad edildi. Beləliklə, düşmən təslim olmağa məcbur oldu” deyə İ. Əliyev bildirib.