Hər gün döyüş əməliyyatı planları mənim tərəfimdən təsdiq edilirdi – Prezident

17:11 - 24.12.2020


24 dekabr, Fineko/abc.az. Qubadlı rayonunun və Qubadlı şəhərinin azad edilməsi bizə böyük strateji üstünlük təmin edirdi. Çünki Qubadlıdan sonra növbəti istiqamət Laçın rayonu idi.

ABC.AZ-ın məlumatına görə, bunu Prezident İlham Əliyev Qubadlı şəhərinə səfəri zamanı deyib.

Dövlət başçısı qeyd edib ki, hər gün döyüş əməliyyatı planları mənim tərəfimdən təsdiq edilirdi və hər gün görülmüş işlərə yekun vurularaq məsələ təhlil edilirdi.

"Gün ərzində görülmüş işlər bizim planlarımıza hansı dərəcədə uyğundur və biz hansı nailiyyətlərə çata bilmişik. Qubadlıdan Laçın rayonunun cənub hissəsinə gedən yol daim atəş altında idi. Çünki Laçın rayonuna gedən yol düz Ermənistanın dövlət sərhədinin yanı ilə keçir, orada məsafə bəlkə də 10-20 metrdir və Ermənistan daim o tərəfdən atəş açırdı. Ona görə bizim hərbi birləşmələrimiz digər müxtəlif yollarla, cığırlarla dağları aşaraq Laçın rayonunun strateji yüksəkliklərində yerləşmişdir. Beləliklə, Laçın rayonunun cənub hissəsində yerləşən Güləbird kəndi, Səfiyan kəndi, Türklər kəndi azad edilib və eyni zamanda, strateji yüksəkliklər ələ keçiriləndən sonra bu, bizə imkan verdi ki, Laçın dəhlizi artıq atəş altına düşsün" deyə İ. Əliyev qeyd edib.