Azərbaycan 2 ölkə ilə enerji sistemlərini birləşdirə bilər – Müzakirə

10:50 - 23.12.2020


23 dekabr, Fineko/abc.az. İranla Azərbaycan rəsmiləri iki ölkə arasında elektroenergetika sahəsində əməkdaşlıq əlaqələrini müzakirə edib.

ABC.AZ Energetika Nazirliyinə istinadən xəbər verir ki, Azərbaycan, İran və Rusiyanın enerji sistemlərinin birləşdirilməsi layihəsi üzrə görülən işlər, o cümlədən cəlb edilmiş məsləhətçi şirkət tərəfindən layihənin texniki-iqtisadi əsaslandırılmasının hazırlanması məsələləri nəzərdən keçirilib.

Həmçinin Azərbaycan, İran və Türkiyə arasında elektrik enerjisi ticarəti məsələləri də görüşdə müzakirə edilib, bu formatda əməkdaşlığın əhəmiyyəti qeyd olunub. Görüşdə iki ölkə arasında imzalanmış sazişlər çərçivəsində Araz çayı üzərində “Xudafərin” və “Qız Qalası” hidroqovşaqları və su elektrik stansiyalarının, habelə “Ordubad” və “Marazad” su elektrik stansiyalarının tikintisi məsələlərinə də toxunulub.