Bu bəyanatın Azərbaycan üçün çox böyük önəmi var – Sahibə Qafarova

11:39 - 13.11.2020


13 noyabr, Fineko/abc.az. “Bu gün Azərbaycan bayrağı Füzulidə, Cəbrayılda, Qubadlıda, Zəngilanda qürurla dalğalanır. Tezliklə Laçında, Kəlbəcərdə Ağdamda və digər rayonlarımızda da dalğalanacaq”.

ABC.AZ Apa-ya istinadən xəbər verir ki, bunu Milli Məclisin iclasında parlamentin sədri Sahibə Qafarova deyib.

Sədr noyabrın 10-da Azərbaycan və Rusiya prezidentləri, Ermənistan baş nazirinin imzaladığı bəyanatla müharibəyə son qoyulduğunu bildirib.

"Bu bəyanatın Azərbaycan üçün çox böyük önəmi var. Kəlbəcər, Laçın, Ağdam qan tökülmədən Azərbaycana qaytarılacaq. Mən məqama da toxunmaq istərdim. Bu müharibədə Ermənistan elə ağır zərbə aldı ki, onun özünə gəlməsi üçün uzun illər lazım olacaq. Ermənistanda hazırda iqtidar müxalifətin deputatlarını həbs edir, küçələrdə ixtilaflar baş verir. Bütün bu hadisələr Qərbin demokratik ölkə kimi göstərdiyi bir ölkədə baş verir. Qərb ölkələri Ermənistanda baş verənlərə münasibət bildirmir. Prezidentin də dediyi kimi, bizə demokratiya dərsi keçməyə çalışanlar gərək güzgüdə özlərinə baxsınlar" deyə S. Qafarova qeyd edib.