Son bir il ərzində gördük ki, bizi aldadırlar – İlham Əliyev

17:02 - 11.11.2020


11 noyabr, Fineko/abc.az. Biz çalışırdıq ki, bu məsələ sülh yolu ilə həll olunsun.

O cümlədən, mən 17 il ərzində ölkə başçısı kimi çalışırdım ki, məsələ sülh yolu ilə həll olunsun və bu məsələnin uzanmasının əsas səbəbi də budur. Bir də beynəlxalq vasitəçilər bizi inandırırdılar ki, bu məsələ sülh yolu ilə həll oluna bilər.

ABC.AZ xəbər verir ki,  bunu Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev yaralı hərbçilərlə görüşündə deyib.

Dövlət başçısı qeyd edib ki, son bir il ərzində gördük ki, bizi sadəcə olaraq aldadırlar, sülh prosesi demək olar, iflic vəziyyətə düşmüşdü:

“Ermənistanın yeni rəhbərliyi qəbuledilməz, zərərli addımlar və ifadələrlə faktiki olaraq danışıqlar prosesini məhv etmişdi və son aylar ərzində bunu heç də gizlətmirdi. Nümayişkaranə elə addımlar atılırdı ki, həm bizə, həm bütün dünyaya göstərsinlər ki, işğal edilmiş torpaqlar əbədi işğal altında qalacaq. Onlar müxtəlif xəritələr dərc etmişdilər. Bu xəritələrdə “Dağlıq Qarabağ Respublikası”nın sərhədlərini müəyyən etmişdilər, o sərhədlərin içərisinə bütün işğal edilmiş torpaqlar da daxil idi. Onlar bizim tarixi şəhərlərimizin adlarını dəyişdirmişdilər, yeni eybəcər adlar vermişdilər. Bütün kəndlərimizin adlarını dəyişdirmişdilər. Tarixi-mədəni irsimizi silmək istəyirdilər".