Düşmən öz xoşu ilə torpaqlarımızdan çıxmaq istəmirdi – İlham Əliyev

16:39 - 11.11.2020


11 noyabr, Fineko/abc.az. O bölgənin coğrafiyası özlüyündə bir istehkamdır. Şuşa alınmaz qala sayılan bir şəhərdir. Pənahəli xan o şəhəri elə salmışdır ki, Şuşa sakinlərini düşməndən maksimum dərəcədə mühafizə edə bilsin. Şuşanı bir neçə gün ərzində az itkilərlə və şəhərə böyük zərər vurmadan almaq böyük peşəkarlıq, rəşadət rəmzidir.

ABC.AZ xəbər verir ki, bunu Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev 1 saylı Kliniki Tibbi Mərkəzdə müalicə olunan hərbçilərlə görüşündə qeyd edib.

Dövlət başçısı bildirib ki,  düşmən 30 il bu torpaqlarda hazırlıq işləri görüb.

"Bu hazırlıq işləri onu göstərir ki, öz xoşu ilə torpaqlarımızdan çıxmaq istəmirdi. Əgər istəsəydi, bu məsələlərə nə üçün bu qədər vəsait ayırırdı? Bu, onu göstərir ki, bütün bu dövr ərzində - 30 ilə yaxın dövr ərzində düşmən sadəcə olaraq bizi aldadırdı, vasitəçiləri aldadırdı ki, onlar bizim torpaqlarımızdan çıxacaqlar. Bu, yalan idi və döyüş meydanında mövcud olan mənzərə bunu təsdiqləyir".