15:42 - 14.10.2020
14 oktyabr, Fineko/abc.az. "Paşinyan küçədən gələn bir adamdır. Kim idi o? Heç kim. Bir yazar idi, heç yazar da deyil, bir qəzetin müxbiri idi. Küçədən gəldi rəhbər oldu. Nə etdi ondan sonra? Ermənistanı fəlakətə aparır".
ABC.AZ-ın məlumatına görə, bunu Prezident İlham Əliyev “Habertürk” kanalına müsahibəsində deyib.
Dövlət başçısı daha sonra sözlərinə belə davam edib: "Baxın, Ermənistanda bu gün diktatura tam hökm sürür. İki keçmiş prezidentin hər birinə cinayət işi açıldı. Biri iki ilə yaxın həbsdə oturdu, sonra onu buraxdı, amma cinayət işi qalır. O birisinə də ölkə xaricinə çıxma qadağası qoyulub. Bu toqquşmalardan iki gün öncə əsas müxalifət partiyasının sədrini həbsə atdı. Ondan sonra Konstitusiya Məhkəməsini darmadağın etdi, qovdu. Konstitusiya Məhkəməsinin sədrini şantaj etdi, həbslə hədələdi və zorla öz adamlarını oraya yerləşdirdi. Jurnalistləri, media nümayəndələrini həbslərdə çürüdür. Biri aclıq elan etdi və orada öldü".