Paşinyanı kimin idarə etdiyi bilindi – Prezident erməni baş nazirin iç üzünü açdı

15:38 - 14.10.2020


14 oktyabr, Fineko/abc.az. Paşinyan Soros tərəfindən idarə olunan bir adamdır.

ABC.AZ-ın məlumatına görə, bunu Prezident İlham Əliyev “Habertürk” kanalına müsahibəsində deyib.

İ.Əliyev qeyd edib ki, hər bir rəhbər, hər bir idarəçi təcrübəyə malik olmalıdır:

“Biliklər öz yerində, təcrübə, idarəetmə təcrübəsi. İndi bəzi ölkələrdə hakimiyyətə gəlmiş insanların heç bir təcrübəsi yoxdur. O, heç kiçik bir kolxoza da başçılıq etməmişdir. Heç kiçik bir firmaya, dükana da başçılıq etməmişdir. Onun tabeliyində bəlkə heç beş nəfər də olmayıb. Sən ölkəni necə idarə edə bilərsən? Ölkəni idarə etmək çətin məsələdir, xüsusilə bizim bölgəmizdə. Oturuşmuş Avropa ölkələrində bu, o qədər də çətin məsələ deyil. Çünki ölkələr var ki, heç bilmirlər onun başçısı kimdir. Heç insanları maraqlandırmır, onlar öz həyatını yaşayır, sistem oturuşub, hər şey artıq sistem altındadır. Amma bizim bölgəmizdə ölkəni idarə edən insandan çox şey asılıdır - insanların həyatı, təhlükəsizliyi, rifahı, beynəlxalq imici".