Hələ də vergidən yayınma hallarına yol verilir – Detallar

16:19 - 20.07.2020


20 iyul, Fineko/abc.az. Bəzi hallarda vergi ödəyiciləri tərəfindən əməliyyatlarının mahiyyətinin dəyişdirilməsi yolu ilə vergidən yayınma hallarına yol verilməsinə cəhdlər müəyyən edilir.

Dövlət Vergi Xidmətindən ABC.AZ-a verilən məlumata görə, son zamanlar qurum tərəfindən aparılmış təhlillər nəticəsində yeni nəsil nəzarət-kassa aparatı quraşdırılmış ticarət obyektlərində ticarət fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən nəzarət-kassa aparatına bir çek üzrə istehlakçının istehlak edə biləcəyi məbləğdən yuxarı həddə pul vəsaitlərinin mədaxil olunması halları aşkar olunub.

Vergi xidmətinin tətbiq etdiyi risk qiymətləndirməsinə əsasən, sözügedən hallar faktiki olaraq topdansatış qaydada satılan və elektron qaimə-faktura ilə rəsmiləşdirilməli olan əməliyyatın pərakəndə satış kimi rəsmiləşdirilməsi yolu ilə əqdin faktiki mahiyyətinin dəyişdirilməsi kimi qiymətləndirilir.

Beləliklə, iri həcmli malın fiziki şəxslərə nəzarət-kassa aparatının çeki ilə rəsmiləşdirilməklə satılması faktiki olaraq digər sahibkarlıq subyektlərinə və ya ayrı-ayrı şəxslərə elektron qaimə-faktura tərtib edilmədən malların satışı əməliyyatının pərdələnməsidir. Faktiki olaraq topdan qaydada satılan mallar bu yolla qeyri-leqal dövriyyəyə daxil olur və “kölgə iqtisadiyyatı”nın genişlənməsinə xidmət edir.

Nəticədə vergi orqanı tərəfindən bu malların hərəkətinin izlənməsi və sonrakı satış dövriyyəsindən vergilərin hesablanması mümkün olmur və dövlət büdcəsi əsaslı itkilərə məruz qalır.

Bu kimi halların aşkar olunması məqsədilə dövlət vergi orqanları tərəfindən həyata keçirilən nəzarət tədbirləri zamanı qanunun tələblərini pozan vergi ödəyiciləri müəyyən edilib və onlar barəsində Vergi Məcəlləsinə uyğun olaraq tədbirlər görülüb.

Müəllif: Elmir Murad