Dünya hava limanları özəlləşdirilir: 4 trilyon dollarlıq layihə və bahalaşma riski

10:30 - 25.11.2026


25 Noyabr, Fineko/abc.az. Qlobal hava limanları köhnəlmiş terminalların yenilənməsi, genişləndirilməsi və yenilərinin tikintisi üzrə trilyonlarla dollarlıq uzunmüddətli xərcləri qarşılamaq üçün özəl investisiyaların cəlbinə ümid bağlayır.

Beynəlxalq Hava Limanları Şurasının (ACI) məlumatına görə, 2050-ci ilə qədər sərnişin axınının iki dəfə artacağı gözlənildiyi halda, dövlət büdcələrinin məhdudluğu səbəbindən qarşıdakı 30 il ərzində aviasiya infrastrukturuna 4 trilyon dollardan çox vəsait xərclənməlidir. Hazırda qlobal miqyasda özəl sektorun iştirak etdiyi hava limanlarından istifadə edən sərnişinlərin payı on il əvvəlki 41 faizdən təxminən 50 faizə yüksəlib.

Bununla belə, Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyası (IATA) və aviaşirkətlər özəlləşdirmə və tərəfdaşlıq layihələrinin hava limanı rüsumlarını artıra biləcəyindən narahatdırlar. Aviaşirkətlər bu xərclərin sonda aviabilet qiymətlərinin bahalaşmasına gətirib çıxardığını vurğulayaraq prosesin şəffaf aparılmasını tələb edirlər.