Azərbaycanda əsas kapitala yönəldilən investisiyalar 9,7% artıb

17:33 - 13.11.2026


13 noyabr, Fineko/abc.az. 2026-cı ilin yanvar–oktyabr aylarında Azərbaycanda əsas kapitala 16 milyard 519,8 milyon manat sərmayə yönəldilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə real ifadədə 9,7% çoxdur.

Dövlət Statistika Komitəsinin məlumatına görə, ümumi sərmayənin 76,1%-i daxili, 23,9%-i isə xarici mənbələr hesabına maliyyələşdirilib, daxili mənbələrdən yönəldilən sərmayə real ifadədə 7,8% artaraq 12 milyard 568,6 milyon manata, xarici mənbələrdən yönəldilən vəsait isə 16,4% artaraq 3 milyard 951,2 milyon manata çatıb.

Sektorlar üzrə bölgüyə gəldikdə, neft-qaz sektoruna yatırımlar real ifadədə 28,7% artaraq 5 milyard 482,1 milyon manat, ümumi sərmayənin təxminən üçdə ikisinin yönəldildiyi qeyri-neft-qaz sektoruna investisiyalar isə 2,3% artaraq 11 milyard 37,7 milyon manat təşkil edib.

Eyni dövrdə məhsul istehsalı sahələrinə qoyulan sərmayə real ifadədə 20% artımla 9 milyard 137 milyon manat, xidmət sahələrinə yönəldilən vəsait 1,3% artımla 5 milyard manat olub, yaşayış evlərinin tikintisinə investisiyalar isə 4,8% azalaraq 2 milyard 382,8 milyon manata enib.