“Kəpəz BOKT” buna görə 6 milyon manat borc axtarır

11:04 - 6.11.2026


6 noyabr, Fineko/abc.az. “Kəpəz Bank Olmayan Kredit Təşkilatı” MMC kreditləşdirmə imkanlarını genişləndirmək və gəlir gətirən layihələri maliyyələşdirmək məqsədilə 6 milyon manatlıq istiqraz emissiyasına hazırlaşır.

Emissiya hər birinin nominal dəyəri 100 manat olan 60 000 ədəd faizli, təmin edilməmiş, sənədsiz və adlı istiqrazdan ibarətdir. İstiqrazlar “Bakı Fond Birjası”nda kütləvi təklif üsulu ilə yerləşdiriləcək, prosesin anderrayteri isə “PAŞA Kapital İnvestisiya Şirkəti”dir.

Qazanc faizləri hər 30 gündən bir ödəniləcək, illik faiz dərəcəsi və tədavül müddəti isə yekun şərtlərlə müəyyənləşdiriləcək.

Azərbaycanda istehlak və biznes kreditləri, faktorinq, lizinq və zəmanətlərin verilməsi sahəsində fəaliyyət göstərən təşkilatın nizamnamə kapitalı 5 milyon manat təşkil edir və 100%-lik pay sahibi Əbülfəz Əliyevdir.

Audit olunmamış maliyyə hesabatına əsasən, “Kəpəz BOKT” 2026-cı ilin ilk yarısını 2,16 milyon manat xalis mənfəətlə başa vuraraq ötən ilin eyni dövrü ilə müqayisədə 385,7%-lik kəskin artım nümayiş etdirib.

Hesabat dövründə şirkətin faiz gəlirləri 25,1% artaraq 2,28 milyon manata, qeyri-faiz gəlirləri isə 58,3% artaraq 1,35 milyon manata çatıb. İyunun 30-u vəziyyətinə BOKT-un aktivləri illik 41,7% artımla 16,99 milyon manat, öhdəlikləri 49,8% artımla 9,76 milyon manat, kapitalı isə 32% artımla 7,22 milyon manat olaraq qeydə alınıb.

© Banker.az