Avropada istiqraz buraxılışları 2 trilyon avronu ötərək tarixi rekorda çatıb

14:37 - 20.11.2026


20 Noyabr, Fineko/abcnews. Avropada istiqraz buraxılışlarının həcmi dövlət borclanmaları və süni intellekt (AI) bumunun yaratdığı maliyyələşdirmə tələbatı fonunda tarixdə ilk dəfə 2 trilyon avronu (2,2 trilyon ABŞ dolları) ötüb.

Rekord artımın əsas hərəkətverici qüvvəsi AI məlumat mərkəzləri və infrastrukturunu maliyyələşdirmək üçün irihəcmli vəsait cəlb edən "Alphabet" və "Amazon" kimi ABŞ texnologiya nəhəngləri olub.

 "HSBC Holdings" strateqlərinin 2027-ci il üzrə icmal hesabatında qeyd olunur ki, qeyri-maliyyə sektorundakı borclanma artımı əsasən müxtəlif istiqraz bazarlarından kapital cəlb edən Amerika şirkətlərinin payına düşür.

Bu dinamika qlobal faiz dərəcələrinin yüksəldiyi və yüksək kredit reytinqli şirkətlərin istiqraz gəlirliliyinin 2023-cü ildən bəri görünməmiş səviyyəyə çatdığı bir dövrdə qeydə alınıb.