“Anglo Asian Mining” iki müqavilə sahəsindən imtina edir

11:53 - 19.11.2026


19 noyabr, Fineko/abc.az. Böyük Britaniyanın Azərbaycanda qızıl, gümüş və mis hasilatı ilə məşğul olan “Anglo Asian Mining” şirkəti Qoşa (300 kv.km) və Ordubad (462 kv.km) müqavilə sahələri üzrə ümumilikdə 762 kvadratkilometrlik hasilat hüquqlarını Azərbaycan hökumətinə qaytarmaq qərarına gəlib.

Şirkətin açıqlamasına əsasən, Qoşa sahəsi üzrə hüquqların müddəti artıq başa çatıb, Ordubad üzrə isə yaxın zamanda bitəcək və şirkət bu müddəti uzatmaq niyyətində deyil. Qərar investisiya portfelinə yenidən baxılması, həmin ərazilərin mövcud istehsal obyektlərindən uzaqda yerləşməsi və inkişaf etmiş infrastruktura malik olmaması ilə izah edilib.

“Anglo Asian Mining” bundan sonra əsas diqqətini Xarxar və Qaradağ mis yataqlarının istismara hazırlanmasına, eləcə də mövcud mədənlərin yaxınlığında yeni ehtiyatların aşkarlanmasına yönəldəcək. Hazırda hasilatın pay bölgüsü sazişinə müvafiq dəyişikliklər hökumətlə razılaşdırılır və qüvvəyə minməsi üçün Milli Məclisin təsdiqi tələb olunur.

2014-cü ildə sənaye hasilatına başlanılan, lakin son iki ildə fəaliyyəti dayandırılan Qoşa mədənindən fərqli olaraq, şirkət 2025-ci ildə Gilar və Ağdərədəki Dəmirli mədənlərini istehsala buraxıb, həmçinin gələcəkdə qaytarılan sahələrə yenidən hüquq əldə etmək imkanını da istisna etmir.